Akademik qaydalar

AKADEMIK QAYDALAR

Tədris prosesinin təşkili və həyata keçirilməsi

Hazırda Universitetdə ali təhsil pilləsinin bakalavriat, magistratura və doktorantura səviyyələrində kadr hazırlığı aparılır.

Tədris prosesi bakalavriat səviyyəsində 2007-ci ildən, magistratura səviyyəsində 2011-ci ildən başlayaraq Avropa Kredit Transfer Sisteminə uyğun olan kredit sistemi əsasında təşkil olunur və həyata keçirilir. Tədris prosesinin təşkili Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 2013-cü il tarixli 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları” əsasında tənzimlənir.

 Universitetdə kredit sistemi əsasında təşkil olunmuş tədris prosesi aşağıdakı xüsusiyyətlərlə xarakterizə olunur:

  • hər bir tələbənin təhsil trayektoriyasını müstəqil şəkildə müəyyənləşdirən fərdi tədris planı tərtib olunur və onlar bu planın tərtib edilməsində iştirak edir; 
  • tələbələr tədris planlarına uyğun olaraq, tədris fənlərini, semestrlər üzrə kreditlərin miqdarını müstəqil müəyyənləşdirir, fənn müəllimlərinin və akademik məsləhətçilərin (tyutorların) seçimində onlara sərbəstlik verilir; 
  • əhsil prosesinə akademik məsləhətçilər (tyutorlar) cəlb olunur; 
  • tələbələrə sərbəst işlərin yerinə etirilməsi üçün müvafiq şərait yaradılır; 
  • biliyin qiymətləndirilməsində 100 ballı sistem tətbiq edilir; 
  • hər semestrdə tədris qrupları fənlər üzrə formalaşdırılır və dərs cədvəli fənn qruplarına görə tərtib edilir;
  • hər bir fənn və fənn qrupu üzrə ayrıca jurnal tərtib edilir; 
  • tələbə və təhsilverənlərin mobilliyi təmin olunur; 
  • təhsilalma müddəti tələbənin nailiyyətindən asılı olaraq müəyyənləşdirilir.

 Tədris ili iki semestrdən (payız və yaz) ibarətdir. Bundan əlavə, yay tətili müddətində 6 (altı) həftədən çox olmayaraq yay semestri də təşkil olunur.

     Bakalavriat və magistratura səviyyələrində əyani təhsilalma forması üzrə tədris ili 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən, 5 həftə imtahan sessiyası) ibarətdir. Hər semestrə 30 kredit müəyyənləşdirilir.

    Qiyabi təhsilalma forması üzrə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən, 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir.

     Əyani təhsilalma forması üzrə tələbələr fulltime (tədrisə tam cəlb olunma), yaxud parttime (tədrisə qismən cəlb olunma) təhsil ala bilərlər. Tədrisə tam cəlb olunan (fulltime) tələbə bir semestrdə 30 (tələbənin prerekvizit fənn və ya fənlərdən akademik borcu qaldığı halda, kreditlərin sayı az ola bilər), tədrisə qismən cəlb olunan (parttime) tələbələr 20-yə qədər kredit götürə bilər. 

     Bir kredit tələbənin auditoriya və auditoriyadankənar 30 saatlıq işinə bərabərdir. Tələbənin 5 (beş) günlük iş rejimində həftəlik auditoriya və auditoriyadankənar ümumi yükünün həcmi 45 saatdır. Payız və yaz semestrlərində tələbənin həftəlik işinin həcmi 1,5 kreditdir. Buraxılış işinin, magistrlik dissertasiyasının hazırlanmasına və müdafiəsinə, eləcə də buraxılış dövlət və semestr imtahanlarına hazırlığa, imtahanın verilməsinə və təcrübələrin keçirilməsinə ayrılmış hər bir həftə 1,5 kreditə bərabərdir. 

      Tələbələrə bakalavriatda 240 kredit, magistraturada təhsilin normativ müddəti 1,5 il olduğu halda 90, 2 (iki) il olduğu halda isə 120 kredit müəyyənləşdirilir. Müəyyən olunmuş kreditin tələbə tərəfindən yığılması məcburidir. 

     Tədrisə tam cəlb olunan (fulltime) tələbəyə əlavə fənn (fənlər) də seçməyə icazə verilir.  Dövlət sifarişi ilə təhsil alan və bütün təhsil müddətində ayrı-ayrı fənlərdən göstəricisi 81-100 bal arasında olan tələbələr əlavə ödəniş etmədən, digər tələbələr isə ödəniş etməklə əlavə fənn götürə bilər. Bütün hallarda bir semestrdə tələbənin götürdüyü kreditlərin sayı 40-dan çox olmamalıdır. 

     Tələbəyə bakalavriat səviyyəsində gələcək peşə fəaliyyətində istifadə etməsi və ya oxşar ixtisas üzrə (təhsil proqramında tədrisi nəzərdə tutulan fənlərin və onlara ayrılan kreditlərin ən azı 70 faizi eyni olduğu halda) əlavə təhsil alması məqsədi ilə ödənişli əsaslarla müvafiq ixtisasların fənnini (fənlərini) seçmək hüququ da verilir. Bu şərtlərlə əlavə təhsil alanlara həmin ixtisas üzrə bakalavr dərəcəsi və müvafiq diplom verilir.

     Hər bir ixtisas üzrə tədris prosesi həmin ixtisasın tədris planları əsasında tənzimlənir. Tədris planlarında tədris işinin həcmi kredit vahidləri ilə müəyyənləşdirilmişdir. Fənlər vacibliyinə və məzumunun mənimsənilməsi ardıcıllığına görə 3 qrupa bölünmüşdür: a) məcburi və ardıcıl öyrənilən fənlər qrupu; b) məcburi, lakin ardıcıllığı vacib olmayan fənlər qrupu; c) tələbələrin öz seçimi əsasında öyrənilən fənlər qrupu.

     Dərsin keçirilməsinə ayrılan akademik saat - 45 dəqiqədir. Bütün növ dərslər üçün 2 akademik saat müəyyənləşdirilir. Akademik saatlararası fasilə 5 dəqiqədir.

     Nəzəri təlim (dərslər) bakalavriat səviyyəsində VII semestrdə, magistratura səviyyəsində III semestrdə tamamlanır. Bakalavriat səviyyəsində VIII semestrdə, magistratura səviyyəsində IV semestrdə yalnız ixtisas təcrübəsi və yekun attestasiya nəzərdə tutulmuşdur. 

     Universitet tələbələri kredit sisteminin təşkili qaydaları ilə mütəmadi olaraq tanış edir və təhsil müddətində tələbəyə tədris planında nəzərdə tutulmuş krediti qazanmasına maksimum şərait yaradır

Tələbələrin tədris prosesinə cəlb olunması və fərdi tədri planının təqdim olunması

 Hər tədris ili üçün tələbə tədris prosesində iştirak etmək üçün fərdi tədris planını təqdim etməldir.  Fərdi tədris planı tələbənin tədris ili ərzində dinləmək istədiyi fənləri, onların müvafiq kreditlərini, fənlər üzrə müəllimlərin siyahısını əks etdirir.

    Hər tədris ili üçün tələbənin fərdi tədris planı ixtisasın (ixtisaslaşmanın) tədris qrafiki əsasında hazırlanır. Tələbənin fərdi tədris planı akademik məsləhətçinin (tyutorun) köməyi ilə onun özü tərəfindən müəyyən olunmuş forma üzrə tərtib edilir. Bu zaman fənlərin prerekvizitliyi gözlənilir. 

     Növbəti tədris ili üçün tələbənin fərdi tədris planı tərtib olunarkən, buraya ilk növbədə əvvəlki ildən akademik borcu qalan fənlər daxil edilir. Akademik borc yaranan fənn (fənlər) müvafiq semestrdə tədris olunmadığı və ya həmin fənn (fənlər) üzrə qrup yaradılmadığı halda fərdi planlarda müvafiq dəyişikliklər aparılır.

     Universitetə yeni qəbul olunan tələbələrə birinci tədris ili üçün fərdi tədris planı fakültə tərəfindən hazırlanır və sentyabrın 10-dək onlara təqdim olunur. Növbəti tədris ilində isə tələbələr mövcud Qaydaların tələblərini gözləməklə, öz fərdi tədris planını hazırlayır və iyulun 5-dən 15-dək fakültəyə təqdim edir.

Tələbə fərdi tədris planında sentyabrın 10-dək düzəlişlər edə bilər. Fərdi tədris planları tədris ilinin başlanğıcına qədər təsdiq edilir və bir nüsxəsi tələbədə, bir nüsxəsi isə Qeydiyyat ofisində saxlanılır.

      Tələbənin fərdi tədris planında sonradan dəyişiklik edilməsinə icazə verilmir. Yalnız payız semestrindən akademik borcu qalanlar qış tətilinin ilk həftəsində növbəti semestr üçün fərdi tədris planlarında müəyyən olunmuş qaydada müvafiq düzəlişlər edə bilərlər.

     Növbəti tədris ili üçün tələbə təyin olunmuş vaxtda öz fərdi tədris planını təqdim etmədikdə, onun təhsili həmin il üçün ixtisasın tədris qrafikinə uyğun təşkil edilir.

     Tələbənin dinləmək istədiyi fənn üzrə müəyyən olunmuş sayda tələbə yığılmadıqda, həmin fənn açılmır və bu barədə tələbələrə məlumat verilir. Həmin fənnə yazılmış tələbələr öz fərdi tədris planlarında müvafiq qaydada dəyişikliklər aparır.

      Fənn üzrə ayrılmış auditoriya saatlarının 20 faizindən çoxunda iştirak etməyən tələbə həmin fəndən imtahana buraxılmır.

     Yay semesrtində tələbələrə akademik borcların ləğvi, fənlərin prerekvizitliyi gözlənilməklə, humanitar fənlər bölümünə daxil olan və Universitet tərəfindən müəyyən edilən seçmə fənlərin kreditlərinin qazanılması, müvəffəqiyyət qazandığı fəndən qiymətin yüksəldilməsi, digər ali təhsil müəssisəsinin tələbələrinə müvafiq kreditlər qazanmasına şərait yaradılır.

      Yay semestrində tələbələrə maksimum 10 kredit  həcmində fənn götürməyə icazə verilir.

      Müvəffəqiyyət qazandığı fəndən qiymətini yüksəltmək məqsədi ilə tələbəyə yenidən imtahan verməyə icazə verilmir. Lakin o, qiymətini yüksəltmək üçün yay semestrində həmin fənni yenidən götürərək dinləməklə imtahan verir. Tələbə öz məqsədinə nail olmadıqda, onun əvvəl topladığı bal qüvvədə qalır.

      Fənnə ayrılmış auditoriya saatlarının 20 faizindən çoxunda iştirak etmədiyinə görə tədris ilinin semestrində həmin fəndən imtahana buraxılmayan tələbə semestrdə fənn (fənlər) üzrə müəyyən edilmiş dərslərin 50 faizindən çoxunda iştirak etdiyi halda o, həmin fənni (fənləri) yay semestrində təkrar götürmək hüququna malikdir.

Bakalavriat və magistratura səviyyələrində təhsilalanların biliyinin qiymətləndirilməsi

     Tələbənin semestr üzrə götürdükləri fənn üzrə biliyinin qiymətləndirilməsi cari və aralıq qiymətləndirməyə görə aparılır. Cari qiymətləndirmə fənn üzrə semestr müddətində fəaliyyətinin qiymətləndirilməsidir və maksimum 50 baldır. Buraya tələbənin fənn üzrə seminar və praktik dərslərdə gündəlik dərs nəticələrinin, dərsə davamiyyətinin, kollokviumların, sərbəst işlərin (kurs işləri daxil olmaqla) qiymətləndirilməsi daxildir.     Dərsə davamiyyətə görə 10, seminar və praktik dərs nəticələri maksimum 20, kollokviumlar 10, sərbəst işlər 10 balla qiymətləndirilir. Fənn üzrə kollokvumlar 3 dəfə keçirilir. 

    Aralıq qiymətləndirmə tələbənin imtahan zamanı bilik və bacarıqlarının qiymətləndirilməsidir və maksimum 50 baldır. Cari və aralıq qiymətləndirmənin ümüumi nəticəsinə görə qiymətləndirmə aşağıdakı qaydada aparılır:

  • 51 baldan aşağı – “qeyri-kafi” – F;
  • 51-60 bal – “qənaətbəxş” - E;
  • 61-70 bal – “kafi” - D;
  • 71-80 - “yaxşı” - C;
  • 81-90 - “çox yaxşı” - B;
  • 91-100 - “əla” - A.

      Cari və aralıq qiymətləndirmənin ümumi nəticələrinə görə minimum 51 bal, aralıq qiymətləndirmənin nəticəsinə görə 17 bal toplamış tələbə müvəffəq qiymət aldığına görə həmin fəndən kreditləri qazanmış hesab olunur.

      Cari və aralıq qiymətləndirmənin ümumi nəticələrinə görə 51-dən, habelə aralıq qiymətləndirmənin nəticəsinə görə 17-dən aşağı bal toplayan tələbə qeyri-müvəffəq qiymət almış hesab edilir, bu fəndən kreditləri qazanmır, yəni həmin fənn üzrə akademik borcu qalır. 

     Eləcə də üzrlü və ya üzrsüz səbəbdən imtahanda iştirak etməmiş tələbə bu fəndən kreditləri qazanmır və akademik borcu qalır. 

Akademik borcların ləğvi

Akademik borcu yaranmış tələbə akademik borcunu həmin fənn (fənlər) üzrə təkrar imtahan verməklə və ya fənni (fənləri) yenidən dinləməklə ləğv edə bilər.

     Fənni (fənləri) yenidən dinləmədən kreditləri qazanmaq istəyən tələbə bu imkandan təhsil proqramı ilə müəyyən olunmuş müddətdə həmin fənn (fənlər) tədris olunduğu semestrdə (akademik borcu yaranan semestrdə imtahan sessiyasından sonra növbəti semestr başlayanadək və ya növbəti semestrlərdən birində imtahan sessiyası zamanı) istifadə edə bilər. 

     Tələbə (üzrlü səbəbdən imtahanda iştirak etməyən tələbələr istisna olmaqla) hər semestrdə fənni (fənləri) dinləmədən ümumilikdə iki fənn üzrə (hər fəndən bir dəfə olmaqla) imtahanda iştirak edə bilər. 

     Üzrlü səbəbdən imtahanda (imtahanlarda) iştirak etməyən tələbəyə isə növbəti semestrin dərsləri başlanana qədər bir dəfə həmin imtahanı (imtahanları) vermək imkanı yaradılır. Bu imkandan istifadə etməyən tələbə üzrsüz səbəbdən imtahanda iştirak etməyən tələbə hesab olunur. 

      Bütün hallarda təkrar imtahan verən tələbənin ümumi qiymətləndirilməsi zamanı onun 

fənni (fənləri) dinlədiyi semestrdəki cari qiymətləndirilmənin nəticələri nəzərə alınır və qazandığı kreditlər tədris planı üzrə həmin fənni (fənləri) dinlədiyi semestrə aid olunur.

     Fənn (fənlər) üzrə akademik borcu yaranmış tələbə (üzrlü səbəbdən imtahanda iştirak etməyənlər istisna edilməklə) həmin fənnə (fənlərə) görə müəyyən edilən təhsil haqqı məbləğinin (illik təhsil haqqının tədris ilinə düşən 60 kreditə bölünüb fənnin kreditinə vurulması yolu ilə hesablanır) 25 faizini ödədikdən sonra təkrar imtahanda iştirak edə bilər.  

    Üzrlü səbəbdən imtahanda iştirak etməyən tələbə növbəti semestrin dərsləri başlanana qədər imtahanda iştirak etdikdə, həmin fənn üzrə təkrar imtahan üçün ödəniş etmir, digər hallarda həmin fənn üçün müəyyən edilən məbləğin 25 faizi məbləğində ödəniş edir.

      Bütün digər hallarda akademik borcu olan tələbə fənni yenidən dinləməli və həmin fəndən (fənlərdən) dərslərdə iştirak etməklə, onun (onların) mənimsənilməsinə qoyulan tələbləri tam yerinə yetirməlidir. 

     Tələbə ali təhsil müəssisəsini bitirmək üçün tələb olunan kreditləri ixtisasın normativ təhsil müddətindən sonrakı 3 (üç) ildə (həqiqi hərbi xidmət müddəti nəzərə alınmamaqla) toplaya bilmədiyi halda o, məzmununda əsaslı dəyişikliklər edilən peşə hazırlığı fənlərindən əvvəllər qazandığı kreditləri itirir. Tələbə həmin kreditləri bu Qaydaların tələblərinə uyğun olaraq yenidən yığmalıdır.